Baltimorda iğtişaşlar səngimir, çoxlu sayda həbs olunan var

ABŞ-ın Baltimor şəhərində iğtişaşlar səngimir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, şəhərdə komendant saatının tətbiq olunmasına baxmayaraq sakinlər etirazlarını davam etdirir. Aksiya iştirakçıları polislərə tüstü bombaları atıblar. Polisin köməyinə Milli Qvardiyanın əsgərləri də gəliblər. Onlar küçələrdə asayişin bərpa edilməsi üçün çalışırlar. Həbslər isə davam edir. Həbs olunanlar arasında şəhərdə aptekləri yandıran sakinlər də var. Merilend ştatının prokuroru Brayan Froş mitinqlərin davam etdiyini bildirib: "Mən ümid edirəm ki, bu hadisələr Birləşmiş Ştatların imicinə zərbə vurmayacaq. Biz inanırıq ki, artıq belə iğtişaşları görməyəcəyik. Qubernator fövqəladə vəziyyət elan edib. O, bu qərarı əsəblərin cilovlanması üçün atıb. Amma insanlar hələ ki, sakitləşmirlər".

Baltimordakı mağaza və ofis sahibləri isə öz dükanlarının və işlədikləri ərazilərin təmizliyi ilə məşğuldur. Şəhər sakinləri də baş verənlər barədə danışıblar: "Ölkə mətbuatında bizi vəhşi kimi qələmə verirlər. Özlərinə sərf edən adamları haradansa tapır və müsahibə götürürlər. O adamlar isə bizim fikirlərimizi və tələblərimizi təhrif edirlər".

Xatırladaq ki, Baltimorda baş verən iğtişaşlara səbəb afroamerikalı 25 yaşlı bir gəncin polis tərəfindən öldürülməsidir. Bu, ABŞ-da qaradərili vətəndaşların polis tərəfindən qətlə yetirilməsinə dair ilk fakt deyil.
 

 

Müəllif | Apa.Tv
Apa.tv