Avropa Oyunlarının məşəli Lənkərana çatdı

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının məşəli növbəti səfərinə çıxıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Bakıdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvandan Lənkərana gətirilib.

 

Avropa Oyunlarının rəmzi Lənkərana səyahət çərçivəsində Göyşaban kəndində Xalq Sənətkarlığı Şəhərciyini gəzib. Pərviz Qasımzadə (yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya çempionu), Toğrul Məmmədli (ağır atletika üzrə Azərbaycan çempionu) və Ceyhun Məmmədovun (FİDE ustasi, hakim) daşıdığı məşəl ardınca Stalinin dustaq olduğu və gizli yeraltı keçidlə qaçdığı qalaya birləşən Mayakda və Haftoni qəsəbəsində çay plantasiyasında olub.

 

Lənkəranda ümumilikdə 12 məşəlçinin estafetdə iştirak edəcəyi gözlənilir. Xəzər dənizi və Talış dağları arasında yerləşən şəhərdə estafet saat 19:45-də start götürəcək. Ərazisinin böyüklüyünə görə Azərbaycan şəhərləri arasında dördüncü olan Lənkəranda da Alov festivalı nəzərdə tutulub. Saat 20:45-də Heydər Əliyev parkında baş tutacaq festivalda konsert proqramı və alov şousu da olacaq.

 

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

 

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 

Müəllif | Apa.Tv
Apa.tv