Novruz Məmmədov: “Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik”

“Biz müstəqillik əldə etdikdən sonra düşünürdük ki, dünyanın sivil bölgəsi olan Avropa problemlərimizin həllində iştirak edəcək, ədalətli olacaq. Amma vaxt keçdikdən sonra gördük ki, heç də belə deyil, ümidlərimiz müəyyən mənada qırıldı”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün III Qlobal Bakı Forumun “Avropa İttifaqı və qonşuluq siyasəti” adlı panelindəki çıxışında deyib.

 

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan postsovet məkanında Qərblə uğurlu əməkdaşlıq edə biləcək dövlət sayıla bilər.

 

“Lakin Azərbaycanın 20 faiz əraziləri işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı və bu günə qədər Avropada, dünyada bu məsələ ilə əlaqədar beynəlxalq hüquqa uyğun gələ bilən konkret addım atılmır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun monopoliyasına verilib. Amma hamı da bilir ki, Minsk Qrupu bunu həll etmək iqtidarında deyil. Biz bilərəkdən prosesləri uzun zaman davam etdiririk. Görəsən nə üçün? Bunun əsas səbəblərindən biri odur ki, Qərb və Avropada siyasi xadimlər düşünürlər ki, “mən nə dedim, o olmalıdır!” Yəni onlar üçün beynəlxalq hüquq budur. Amma bu, çox təhlükəli presedentdir”.

 

Novruz Məmmədov bildirib ki, Azərbaycan müsəlman dünyasının bir hissəsi olan gənc, dünyəvi dövlətdir.

 

“Hazırda bizdə olan təəssürat budur: bizi hər gün müəyyən təzyiq altında saxlamaq iddiası mövcuddur. Bu prosesə qeyri-hökumət təşkilatları, mətbuat qoşulur, maliyyə vəsaitləri ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir. Bizdə müəyyən problemlər ola bilər, amma Avropa və Qərb Azərbaycana səmimi münasibət sərgiləyirsə, nə üçün torpaqlarımızın işğalının bu gün də davam etdirilməsi ilə bağlı beynəlxalq hüququ bir dəfə də xatırlatmır? Bu gün Azərbaycanın 9,5 milyondan çox əhalisinin hamısı bu suala cavab istəyir. 1 milyondan çox azərbaycanlının bütün fundamental yaşamaq hüquqları pozulubsa, bunun haqqında bir xarici qeyri-hökumət təşkilatı, bir dövlət nümayəndəsi bir söz demirsə, bu necə ədalət ola bilər?”

 

Novruz Məmmədov qeyd edib ki, bu gün dünyada ədalət böhranı yaşayır:

 

“2012-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi olanda bizə nə dərəcədə yüksək səviyyədə hücumlar olduğunu görsəydiniz, təəccüblənərdiniz. O vaxt bəlkə bu hadisə xatirinə bir az ara verəydilər, amma olmadı. Ara vermədilər. Qədim Yunanıstanda belə bir qayda vardı. Olimpiada keçirilən zaman bütün düşmənçiliklərə fasilə verərdilər. Belə bir çağırış edərdilər. Amma dünya tarixində ilk olan Avropa Oyunları yaxınlaşır - hərçənd bunu biz sifariş etməmişik və Beynəlxalq Olimpiya Komitəsi özü bu oyunların Azərbaycanda keçirilməsinə qərar verib - bu ərəfədə bizə qarşı elə kütləvi təzyiq mexanizmi başlayıb ki, bunu təsəvvür edə bilmirdik. Bəlkə Olimpiya oyunlarının keçirilməsinə imkan verib, sonra buna başlayardılar?”

 

PA rəsmisi vurğulayıb ki, beynəlxalq aləmdə bu gün çox təhlükəli proseslər gedir və bu addımların çoxu sanki bilə-bilə atılır.

Müəllif | Apa.Tv