Hündürmərtəbəli binaların şüşələri necə təmizlənir? - XÜSUSİ REPORTAJ
Günü-gündən gözəlləşən paytaxt Bakıda son illər tikilən binaların əksəriyyəti hər tərəfdən şüşələrlə örtülüb. Hündürlüyü 190 metr olan Alov Qüllələri hələlik ölkədə inşa olunan ən hündür tikili hesab olunur. Bəs yağış, toz, ələlxüsüs da paytaxt küləyi bu binaların gözəlliyinə xələl gətirirmi? Bəlkə də gətirir, amma bu şüşələri təmizləyən insanların sayəsində biz bunu hiss etmirik.
Şüşəli hündürmərtəbəli binalar zahirən yaxşı görünürlər. Ancaq bina şüşədəndirsə, o, mütləq təmizlənməlidir. Biz bu işə hələ indi başlamışıq. Amma deyə bilərik ki, çox çətindir.
Qəhrəmanımız Vladimirdir. Dostları ona Vova deyir. Bu gün o, paytaxtdakı ticarət mərkəzlərinin birində şüşələrin təmizlənməsi ilə məşğul olacaq. Hava küləklidir. Ancaq Vladimir deyir ki, küləyin istiqaməti onun işinə daha çox kömək edəcək. Ehtiyat kəndirlərini də bağlayaraq işə başlayır.
Vladimir işini çox sevdiyini deyir. İş yoldaşı ilə birgə ona tapşırılan işin öhdəsindən məsuliyyətlə gəlməyə çalışır. Deyir ki, iş onlara etibar edilibsə, deyilən vaxtda mütləq yerinə yetirməlidirlər.
Həmsöhbətimizin sözlərinə görə, hündürmərtəbəli binada işə başlamazdan öncə kəndir binanın üstündəki xüsusi yerə bərkidilir. Kəndirləri özlərinə bağlayır, əlavə olaraq sığorta kəndirini də bağladıqdan sonra aşağıya doğru düşməyə başlayırlar.
Vladimir 13 yaşında məktəblərində təşkil edilən könüllü alpinist dərnəyinə qoşulub. Uşaqlıqdan alpinizm sevgisi olduğunu deyən Vovanın hərbi xidmətdə olarkən bəxti gətirir və o, Şahdağda xidmət etməli olur. Bir müddət alpinizmlə məşğul olur, yarışlara qatılır: "Fəhləlikdən başlamış hər bir işi yoxladım. Zavod, fabrik, sexlər, həm qazonda, yaşıllaşdırmada... Amma tez-tez işimi dəyişirdim. Sonra bir tanış mənə dedi ki, bunu niyə iş kimi işləmirsən? Heç ağlıma da gəlmirdi. Bilmirdim ki, Azərbaycanda bu sahədə işləmək olar. Sonra başladım sənaye alpinizminə".
Hündürmərtəbəli binalarda təmizlik işləri aparmaq üçün xüsusi sertifikat alan Vladimir texniki qaydalara əməl etdiklərini deyir. İndiyədək paytaxtın əksər hündürmərtəbəli binalarında, hotellərində təmizlik işləri aparan işçilər maraqlı hadisələrlə də üzləşiblər: "Hoteldə qalanlar gözləmir ki, 22-ci mərtəbədən kimsə ona baxa bilər. Hər bir şeyin şahidi olmaq olar. Gülməli də olur, ayıb bir şey də olur. İş zamanı qəzalar olur. Məsələn, olub ki, ipi kəsici alət kəsib, sığorta ipi saxlayıb. Amma əsas insanların reaksiyasıdır. Şəkil çəkdirirlər, xaricilər gəlib nəsə soruşur. İş ürəyincə olmalıdır. Əvvəllər mən deyirdim, yenə yuxusuz işə gedirəm. İndi isə mən yuxudan doymasam da, sevdiyim işlə məşğulam".
Vladimirin ən böyük arzusu dünyanın ən hündür binası olan Bürc əl-Xəlifənin təmizlənməsində iştirak etməkdir.