Novruz Məmmədov: “Azərbaycana qarşı münasibət qərəzli münasibətdir”

“I Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir”.

 

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

 

"Güclü dövlətlər geosiyasi və iqtisadi maraqlarını hər şeydən üstün tutur. Sözdə bir şey deyilir, proseslərdə ayrı şey müşahidə olunur. Ona görə də belə hallar yaşanır" - deyə o bildirib.

 

Novruz Məmmədov anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı məsələyə də münasibət bildirərək deyib ki, Azərbaycanın əleyhinə kampaniya hər gün müşahidə olunur: “Con Kerrinin planı haqqında dəqiq məlumatım yoxdur, amma məndə olan məlumata görə, Azərbaycandakı təşkilatlar bunu aşkar edib. Amma biz bunları çox yaxşı bilirik, hər gün də bunu müşahidə edirik. Günlərlə danışmaq olar ki, Azərbaycana qarşı münasibət qərəzli münasibətdir, Azərbaycana qarşı atılan addımlar qərəzli addımlardır”.

 

PA rəsmisi əlavə edib ki, Azərbaycanın güclü lideri var, xalqla lider arasında birlik var və ölkə ona qarşı yönələn bütün bu proseslərdən uğurla keçir.

 

Müəllif | Apa.Tv