Xüsusi Təyinatlı Qüvvələrin yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni ifa edildikdən sonra müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanı ilə yeni yaradılan hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev mərasimdə çıxış edərək, ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlılara göstərilən etimada görə minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin birləşmələrinin nümayəndələri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji vəziyyətinin sarsıdılması və müqavimətinin sındırılması ilə Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və qüdrətini hiss etdi: "Bununla da düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı. Bu mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək vacibdir. İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır. Düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin ".
Sonra hərbi xidmətdə fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub. Hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Təntənəli mərasimdən sonra xüsusi təyinatlılar soyuq və atıcı silahların istifadəsi, helikopter və avtomobillə pusquya qarşı fəaliyyət, yaxın döyüşdə tapşırıqların icrası üzrə müxtəlif fəndləri məharətlə icra ediblər.