Gəncədə gürcü oğrular yaxalandı
Gürcüstandan ölkəmizə işləmək adı ilə gələn şəxslər gəlir əldə etməyin yolunu oğurluqda tapıblar. Biri qadın, ikisi kişi olmaqla 3 nəfərdən ibarət dəstə üzvləri Gəncə və Bakıda bir neçə mənzili qarət ediblər.
Oğurluq hadisələrini xüsusi ustalıqla yerinə yetirən şəxslər sonunda Gəncə polisi tərəfindən tutulub. Gürcüstan vətəndaşları - 42 yaşlı Qriqori Nuroşvili, 22 yaşlı Nino Bubueşvili və 29 yaşlı Qvantsa Sulanadze polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Dəstə üzvləri mart ayının əvvəlindən etibarən Gəncə şəhəri, Nizami küçəsi, bina 80-də kirayədə yaşamaqla cinayət əməllərini həyata keçirməyə başlayıblar. Bu müddət ərzində onlar şəhərin müxtəlif ərazilərində 6 mənzildən təxminən 55 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları oğurlamaqda təqsirləndirilir.
Müstəntiq Vəli Zeynalov bildirib ki, saxlanılan şəxslər Gəncə şəhərində mart ayı ərzində 3 oğurluq hadisəsi törədiblər: "Bundan başqa, 3 mənzilə də qanunsuz daxil olmaya cəhd göstəriblər. Tərəfimizdən keçirilən əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslər tutulub və iş üzrə maddi sübutlar əldə edilərək götürülüb. Hazırda barələrində həbs qəti imkan tədbiri seçilib".
İstintaq yolu ilə müəyyən edilib ki, əvvəllər 16 il məhkumluq həyatı yaşayan Qriqori Nuroşvillinin rəhbərlik etdiyi dəstə Bakıda da oğurluq hadisəsi törədib. Məqsəd isə asan yolla pul qazanmaq olub.
Saxlanılan şəxs Qriqoli Nuroşvili Gəncəyə mart ayında gəldiklərini bildirib: "Bir müddət şəhəri gəzib müəyyən yerlərlə tanış olduq. Sonra isə oğurluqlara başladıq. Beləcə, 6 evə daxil olduq. Üçündən qızıl və digər əşyalar götürsək də, digər üç evdə adam olduğundan planımız baş tutmadı. Əldə olunan qızılları isə Gürcüstanda satdıq".
Dəstənin qadın üzvü Qvantsa Sulanadze əməllərini etiraf etsə də, kamera qarşısında danışmaqdan boyun qaçırıb. Nino Bubeşvili isə öz ifadəsində bildirib ki, Azərbaycanda dəmir barmaqlıqlar arxasına düşəcəyini ağlına belə gətirməyib. O, ölkəmizə gəlməkdə məqsədinin yalnız işləmək olduğunu deyib.
Saxlanılan şəxs Nino Bubueşvili deyib ki. Azərbaycana gəlişinin məqsədi yalnız işləmək olub: "Bu gün isə gözlənilmədən oğru kimi tarixə düşdüm. Bu cür aqibətlə üzləşəcəyimə inanmazdım. Əməlimizə görə çox peşmanam".
Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam edir.