Pul oğrusu: "İçkili olanda psixoloji durumum pozulur..."
Binəqədi polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, Bakı şəhər sakini İntizar Süleymanova polisə şikayət edərək bildirib ki, Axundov küçəsində yerləşən çay evindən içərisində 1187 manat və sənədlər olan pul kisəsi oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Anar Kərimov saxlanılıb. Əvvəllər məhkumluğu olan Anar Kərimov çay evindən oğurluq etdiyini etiraf edib.
"Təxminən saat 11-də evdən çıxdım. Kafeyə getdim, spirtli içki qəbul elədim. Sonra mətbəxə keçdim. Orada çantadakı pul kisəsində pul var idi, onu götürdüm. Oradan çıxdıqdan sonra səhərə qədər şəhərdə olmuşam".
Anar Kərimov oğurluq etməsini hadisə zamanı sərxoş olması ilə əsaslandırıb.
"İçkili olanda mənim psixoloji durumum pozulur. Hətta bilərəkdən damarımı da kəsmişəm içkinin təsiri altında. Etdiyim hərəkətdən peşmanam".
Sərxoş olarkən özündə olmadığını deyən Anar Kərimov çantadan nə qədər pul götürdüyünü yaxşı xatırladığını bildirib. Onun sözlərinə görə, zərərçəkən polisə yalan ifadə verib. Yəni pul kisəsində 1187 manat olmayıb.
"1187 manat deyildi. Mən olan məbləği deyirəm. Pul kisəsində 85 manat pul və plastik kartlar var idi. Kartları yox, pulu istifadə etmişəm".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.