Bakıda zəncirvari qəza baş verib, bir nəfər yaralanıb
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb.
Şamxal Nizami oğlu Şamxalov "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun qarşı hərəkət zolağının kənarında dayanan "Hyundai" markalı avtomobilə çırpılıb. "Hyundai" isə arxada dayanmış "Toyota"ya dəyib. Qəza nəticəsində "Opel"in sürücüsü Şamxal Şamxalovun başı maşının alın şüşəsinə dəyib. O, başından və qolundan xəsarət alıb.
Hadisə yerinə gələn yol polisi əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, qəzaya "Opel"lə eyni istiqamətdə hərəkətdə olan "Lexus" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, "Lexus"un sürücüsü sağdan sola qəfil dönmə əməliyyatı edib. "Lexus"un solunda hərəkətdə olan "Opel"in sürücüsü isə qəzadan yayınmağa çalışıb və qarşı hərəkət zolağına çıxıb. Lakin sürücü Şamxal Şamxalov idarəetməni itirdiyindən, avtomobil yol kənarında dayanmış maşına çırpılıb. Qəza baş verdiyini görən "Lexus"un sürücüsü hadisə yerindən uzaqlaşıb.
Yol polisi əməkdaşları qəzaya səbəb olduğu bildirilən "Lexus"un sürücüsünü tapmağa çalışır. Faktla bağlı araşdırmalar davam etdirilir.