Lənkəranda tiryəkxana aşkarlandı, həbs olunanlar arasında 26 yaşlı qadın da var

Lənkəran sakininin evində tiryəkxana aşkarlanıb. Bu barədə APA TV-nin cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib.

 

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şeyx Zahid küçəsi, 4 ünvanında yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş 41 yaşlı İdrak Bayraməli oğlu Ələkbərovun evindən 2 kiloqram 300 qram narkotik vasitə olan heroin, 38 ədəd şpris, limon duzu, qızılı kağız, heroin qaynatmaq üçün ləvazimatlar aşkar edilərək götürülüb. Həmçinin İdrak Ələkbərovun yaşadığı ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdığı, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

 

Keçmiş məhkumun evində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrdən istifadə edən daha 5 nəfər saxlanılıb. Onlardan Lənkəranın Veravul kənd sakini, 6 dəfə məhkum olunmuş 43 yaşlı Vüqar Qurban oğlu Əliyevin üzərindən 0,65 qram heroin, onun həmkəndlisi, 27 yaşlı Cəmil Azad oğlu Mirzəyevin üzərindən bir bükümdə 0,12 qram heroin, Lənkəran şəhər sakini, 26 yaşlı Aygün Fərahim qızı Hüseynovadan 0,096 qram heroin, Lənkəran şəhər sakini, 22 yaşlı Cavid Oqtay oğlu Nağızadənin üzərindən 0,1 qram heroin və Lənkəranın Sütəmurdov kənd sakini, 21 yaşlı Ruslan Söhbət oğlu Nəsirovun üzərindən 0,14 qram heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv