Ərəb koalisiyası Yəmənin hava limanlarını bombaladı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına 19 hava zərbəsi endirib.

 

APA TV-nin xarici informasiya agentliklərinə istinadən məlumatına görə, bombardmanın hədəfi hava limanının əsas uçuş-eniş zolaqları olub. Mərmilərdən biri mülki təyyarəyə dəyib, təyyarə yanıb. Həmin vaxt təyyarədə heç kim olmayıb. Hava limanında olan daha bir neçə sərnişin təyyarəsinə də ziyan dəyib.

 

"Əl-Ələm" telekanalı xəbər verir ki, ərəb koalisiyasının ardıcıl hava zərbələri nəticəsində Səna beynəlxalq hava limanının uçuş-eniş zolağı istifadəyə yararsız hala düşüb.

 

Şahidlərin sözlərinə görə, bombardmandan əvvəl hava limanına bir neçə təyyarə enib. Bundan dərhal sonra bombardman başlayıb

 

Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin İran şöbəsinin yolladığı humanitar yardımı Sənaya çatdırmalı olan İran təyyarəsi bombardman üzündən hava limanına enə bilməyib. Təyyarədə dərman, ərzaq məhsulları və ilkin tələbat mallarının olduğu bildirilir. Yükü boşaltdıqdan sonra təyyarə dinc sakinləri Yəmən paytaxtından təxliyə etməli imiş.

 

Məlumata görə, hava zərbələri təkcə Səna hava limanına yox, həm də Hüdeydə şəhərinin aeroportuna endirilib. Burada da uçuş-eniş zolağı yararsız vəziyyətə düşüb.

 

Qeyd edək ki, Yəməndəki "Ənsərullah" husi hərəkatına qarşı hərbi əməliyyat martın 26-da başlayıb. Aprelin 21-də əməliyyatın başa çatdığı rəsmən elan edilib. Lakin bundan sonra da koalisiya qüvvələri husilərin mövqelərinə zərbələri davam etdirilər. 

Müəllif | Apa.Tv
Apa.tv