Avropa Oyunlarının məşəli Lənkəranda alovlandı

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının məşəli növbəti səfərinə çıxıb. APA TV-nin məlumatına görə, paytaxtımızda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvanın ardınca Lənkərana gətirilib.

 

Avropa Oyunlarının rəmzi bu şəhərə səyahəti çərçivəsində Göyşaban kəndində Xalq Sənətkarlığı Şəhərciyini gəzib. Pərviz Qasımzadə (yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya çempionu), Toğrul Məmmədli (ağır atletika üzrə Azərbaycan çempionu) və Ceyhun Məmmədovun (FİDE ustası, hakim) daşıdığı məşəl ardınca Stalinin dustaq olduğu və gizli yeraltı keçidlə qaçdığı qalaya birləşən “Mayak”da və Haftoni qəsəbəsində çay plantasiyasında olub.

 

Xəzər dənizi və Talış dağları arasında yerləşən şəhərdə estafet saat 19:45-də start götürüb. İlk olaraq məşəllə qaçan Qasımzadə ardınca 11 məşəlçi ilə 4,8 km məsafəni qət edib. Estafetdə onlara idman elçisi Suğra Müqabilzadə və ulduz elçisi Hacı Nuran da qoşulub. Yekunda Məlahət Tağıyeva (atlet) Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə simvolik məşəli alovlandırıb.

 

Bunun ardınca ərazisinin böyüklüyünə görə Azərbaycan şəhərləri arasında dördüncü olan Lənkəranda da Alov Festivalı keçirilib. Tədbir saat 20:45-də başlayıb. Heydər Əliyev parkında baş tutan festivalda konsert proqramı və alovla şoular göstərilib. Minlərlə şəhər sakininin izlədiyi festival, Naxçıvanda olduğu kimi, atəşfəşanlıqla başa çatıb.

 

Məşəlin növbəti səfəri Lerik və Astaraya olacaq. Burada Oyunların simvolunun qarşılanma mərasimi mayın 1-nə təsadüf edəcək.

Müəllif | Apa.Tv
Apa.tv