Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib
Aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Maliyyə naziri Samir Şərifov Mərkəzdə görülən işlər barədə dövlət başçısına məlumat verib. Heydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan bu Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanıb. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub.
Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunub. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılıb. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərəcək.
Bildirilib ki, bu Mərkəzdə ilk beynəlxalq tədbir mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olacaq. Bu mötəbər tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçiriləcək. Toplantıda 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlərin və ekspertlərin iştirakı nəzərdə tutulur.