ABU tələbələrinin attestatları qaytarılacaq
“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalan tələbələrin attestatlarının qaytarılmasına gələn həftə başlanacaq”.
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. O, bildirib ki, ilkin mərhələdə 5000 nəfərin attestatı qaytarılacaq.
Onun sözlərinə görə, bu və ya digər səbəbdən attestatlarını ala bilməyən şəxslər nazirliyin 146 “qaynar xətti”nə müraciət edib qeydiyyatdan keçməlidirlər: "Sonra şəxsiyyət vəsiqələrini həftənin 2-ci və 3-cü günü nazirliyin Vətəndaşların qəbul mərkəzinə təqdim edərək, öz attestatlarını ala bilərlər. Burda söhbət diplomdan yox, attestatdan gedir. Bu proses mərhələli şəkildə davam etdiriləcək".
Bundan başqa, Cəsarət Valehov bildirib ki, bu il “Sabah” qruplarının test mərhələsində iştirak etmək üçün 1630 nəfər sənəd verib. Onlardan 1277 nəfər imtahan mərhələsinə buraxılıb. Onun sözlərinə görə, “Sabah” qruplarına imtahanlar 65 ixtisas üzrə keçiriləcək. Bu il ilk dəfə olaraq mədəniyyət və incəsənət ixtisasları da siyahıya daxil edilib.
Təhsil Nazirliyi yeni təşəbbüsə imza atıb. Bakıda “Təməl” layihəsinin icrasına başlanılıb. Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib ki, bu layihə ilə gələn il birinci sinifdə dərs deyəcək müəllimlərin ixtisasartırma kursları keçirilir. 101 müəllim könüllü şəkildə bu kurslara cəlb olunub: "İxtisasartırma kursunu keçən müəllimlər biliyin qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında qənaətbəxş nəticə göstəriblər. Kurslarda iştirak edən müəllimlər Bakının 70 məktəbini təmsil edir".
Təhsil Nazirliyinin sektor müdiri Həsən Həsənli isə deyib ki, ötən il 573 nəfər azərbaycanlı tələbə xaricdə təhsil alıb. Onun sözlərinə görə, “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasına uyğun olaraq, ölkədə tələbatın çox olduğu sahələr üzrə tələbələrin xaricdə təhsil alması üçün yeni dövlət proqramı hazırlanıb: “Dövlət proqramı ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim olunub. Proqram 2016-2020-ci illəri əhatə edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.