Qızıl medala iddialı taekvondoçularımız Avropa Oyunlarına hazırlaşır - REPORTAJ
Bu idmançılar bir neçə gün əvvəl ölkəmizə 9 medal gətiriblər. Kişinyovda taekvondoçular arasında keçirilən “Moldova Open” turnirində uğurla çıxış edən üç idmançımız heç bir rəqibinə şans verməyərək, turnirin baş mükafatını qazanıblar. İlkin Şahbazov (74 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayev (87 kq) birinci yeri tutaraq qızıl medala layiq görülüblər.
"Bakı 2015 " Avropa Oyunlarında diqqət çəkən idman növlərindən biri də taekvondodur. İdmançılarımızın üzərinə əlavə məsuliyyət düşür. Çünki onlar mayın 13-17-dək keçiriləcək dünya çempionatına hazırlaşırlar, üstəlik “Bakı-2015” Avropa Oyunlarına da hazır olmalıdırlar.
Komandanın baş məşqçisi Reza Mehmandost dünya çempionatına aparacağı idmançılar qarşısında sərt tələblər qoyub. Bu səbəbdən heyətə düşmək istəyən idmançılar məşqlərini intensivləşdiriblər. Bu, həm də onlar üçün sınaq olacaq. Belə ki, çempionatda uğurlu çıxış edən idmançılar ilk Avropa Oyunlarında ölkəmizi təmsil edəcəklər.
“Taekvondo elə idman növüdür ki, burada kim çox zərbə vursa, o yaxşı idmançı demək deyil. Kim yerində, dəqiq və düşünərək zərbə vurarsa, deməli o güclüdür. Azərbaycanlı idmançılar özlərinin güclü olduqlarına inanırlar. Bu, çox yaxşı amildir”.
Dünya çempionatından sonra Avropa Oyunlarına hazırlaşacaq idmançıların uğurlu çıxış edəcəyinə inandığını deyən baş məşqçi komandamızın qızıl medal qazanacağına əmindir.
“Bu idman növü hazırda çox inkişaf edib, xeyli güclü idmançılar var. Amma inşallah idmançılarımız belə əminliklə çalışsalar, Avropa Oyunlarında qızıl medal qazana biləcəyik”.
Hazırlıq prosesinə yerli məşqçilər də cəlb olunub. Taekvondo Federasiyasının böyük məşqçisi Elnur Amanov Avropa Oyunlarına da ciddi hazırlaşdıqlarını deyir.
”Hazırlıqlarımıza yanvar ayından başlamışıq. Respublika çempionatından sonra demək olar ki, 7 beynəlxalq turnirdə iştirak etmişik. Dünya Çempionatında iştirak etmək üçün 8 idmançı seçmişik. Dünya çempionatında 8 çəki təmsil olunur, Avropa Oyunlarında iki çəki birləşir. Kişilər arasında 4 qızıl medal uğrunda 49 ölkənin idmançısı mübarizə aparacaq. Çətin olacaq, Avropada taekvondo güclüdür. Ona görə də biz öz evimizdə çıxış etdiyimiz üçün daha ciddi çalışırıq”.
2013-cü ildə ilin ən yaxşı idmançısı adına layiq görülən, dəfələrlə ölkəmizə qələbə ilə dönən Radik İsayev deyir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi idman həyatında mühüm hadisələrdən biri olacaq.
“İnanıram ki, hər şey yaxşı olacaq. Bu həm xalqımız, həm idmançılarımız üçün çox əhəmiyyətli bir addımdır. Bu işə böyük məsuliyyətlə yanaşırıq. Hər şeyin uğurlu alınacağına ümid edirik. Məşqlərimizi demək olar ki, hər gün mərhələli şəkildə davam etdiririk. Hazırda həftədə 3 dəfə olmaqla gündə 2, bəzən isə 3 dəfə dayanmadan məşq edirik. Bura həm də fiziki məşğələlər daxildir”.
13 ildir ki, taekvondo ilə məşğul olan Məhəmməd Məmmədov bu il ilk dəfədir ki, böyüklərlə yarışır.
“Beynəlxalq turnirlərdə nəticə vermişəm, çempion olmuşam, ikinci, üçüncü yerləri qazanmışam. Avropa çempionu olmuşam. İndi də böyüklər arasında dünya çempionatına hazırlaşırıq. Vacib yarışdır, orada çempiona 120 xal, ikinci yeri tutana 80 xal, 3-cü yeri tutana 60 xal verilir”.
Avropa Oyunları ilə bağlı proqnoz verməyən Məhəmməd Məmmədov deyir ki, o, Dünya Çempionatındakı nəticəni gözləyir.
“Dünya çempionatından sonra bizim yaxşı hazırlıqlarımız gedəcək. Məşqlərimiz bir az yüngülləşəcək. Burada layiqincə nəticə göstərməliyik. Avropa Oyunlarına gələn zəif idmançı yoxdur. Hərə öz ölkəsinin güclüsüdür. İnşallah, yaxşı olacaq. Çünki bizim üçün hər cür şərait yaradılıb. Qalır nəticə əldə etmək...”
Taekvondoçu Ayxan Tağızadə Azərbaycan bayrağını yüksəltməyə çalışacaqlarını deyir.
“Çalışırıq Azərbaycanın bayrağını yüksəkliklərə qaldıraq. Ciddi hazırlaşırıq. İnşallah yaxşı olacaq”.
Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. O vaxtdan Azərbaycan taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak edərək, ölkəmizə qələbə ilə qayıdıblar. Azərbaycan Taekvondo Federasiyası idman uğurları ilə yanaşı, yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilib. Taekvondo üzrə çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə olunub. 2004-cü ildə Afina Olimpiya Oyunlarına Avropa lisenziya turniri Azərbaycanda keçirilib. 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionata və 2005-ci ildə Gənclər arasında Avropa çempionatına da Azərbaycan ev sahibliyi edib. Olimpiya idman növü olan taekvondo üzrə Azərbaycanın bütün bölgələrində yüksək ixtisaslı məşqçilər fəaliyyət göstərir.