“Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası dəyirmi masa keçirib

Bu gün “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirib.


APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı piar kampaniyası güclənir. O bildirib ki, APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmadan məlum olub ki, ABŞ başda olmaqla, ölkəmizə qarşı “qara piar”a start verilib. O birləşərək Azərbaycana qarşı çirkin kampaniyanın qarşısını alacaqlarına ümidvar olduğunu deyib.

 

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycana qarşı Con Kerrinin rəhbərliyi ilə hazırlanmış layihə xarakter etibarilə digər kampaniya sənədlərindən fərqlənir: “Fikrimcə, bu, anti-Azərbaycan kampaniyası çərçivəsində çox böyük bir plandır. Planın bir hissəsi APA agentliyi tərəfindən açıqlanıb, ancaq ümid edirəm ki, digər sənədlər də yayımlanacaq. Artıq ABŞ Azərbaycan üçün bir təhlükəyə çevrilib. Düşünürəm ki, bu, heç bir halda iqtidarın yürütdüyü siyasətlə bağlı deyil. Prioritetləri dəyişən ABŞ və onun hazırkı hakimiyyətidir. ABŞ-ın hazırkı siyasəti demokratik dəyərlərə və Azərbaycanla münasibətlərə zərər vurur”.

 

“Bakı xəbər” qəzetinin baş redaktoru, koalisiyanın koordinatoru Aydın Quliyev bildirib ki, Qərb dövlətlərinin özündə də insan haqları sahəsində ciddi problemlər var. Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstanda yerli əhaliyə qarşı zorakılığı barədə faktlar mövcuddur. Bu faktları işıqlandıran ABŞ jurnalistinə də təzyiqlərin olması bu ölkədə azad mediaya təzyiqlərdən xəbər verir.

 

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ və Avropada irqi və dini ayrı-seçkiliyin artması və multikultiralizmin iflası” mövzusunda məruzə edib. O bildirib ki, ABŞ-da tarixən irqi və dini ayrı-seçkiliklərlə bağlı problemlər olub. Məhərrəm Zülfüqarlı ABŞ-ın insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmadığını xatırladıb və Avropa və ABŞ-da insan haqları ilə bağlı vəziyyət yaxşı olmadığını deyib.

 

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ABŞ və Avropa ölkələrində korrupsiya faktlarının artdığını vurğulayıb. O, Azərbaycanda korrupsiyaya qarşı effektiv mübarizə aparıldığını deyərək, ASAN Xidmətin fəaliyyətini buna misal çəkib. 

 

APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxışında haqqında bəhs olunan araşdırma ilə bağlı sənədləri nümayiş etdirib. O qeyd edib ki, Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyanın miqyası böyükdür: “Avropa Oyunlarına qarşı kampaniya ilə bağlı əlimizdə olan sənədlər hələ ki, bunlardır. Amma hesab etmirəm ki, bu, bütün faktlardır, burda əlbəttə ki, işin tapşırıldığı alt qeyri-hökumət təşkilatlarının da hazırladıqları dəstəkçi layihələr var".

 

V. Mahirqızı bildirib ki, bu layihədə əsas məqsədlərdən biri də Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə yaxınlaşmasının qarşısını  almaqdır: "Diqqət yetirsək, görərək ki, Azərbaycan prezidentinin qətiyyətli çıxışları, avqust ayından bəri cəbhədə baş verənlər,  Azərbaycanın tam olaraq cəbhədə psixoloji və hərbi üstünlük əldə etməsindən sonra hücumlar daha da intensivləşdi. Azərbaycanın iqtisadi qüdrəti, ordusu, hərbi gücü, hazırda həm Azərbaycan Ordusunda olan ruh yüksəkliyi və ermənilərdəki ruh düşkünlüyü, cəbhədə və Gümrüdə baş vermiş hadisələr fonunda Ermənistan cəmiyyətində yaranmış mənəvi deqradasiya problemin birmənalı olaraq, beynəlxalq hüququn da normalarına uyğun olaraq Azərbaycanın lehinə həll olunmasını şərtləndirir. Belə bir vaxtda neyləmək lazımdır? Düşünüb tapdıqları yalnız daxili sabitliyi pozmaq, "insan hüquqları" məsələsini qabartmaqla qara piar kampaniyası aparmaq və Dağlıq Qağlıq probleminin həllindən bacardıqca uzaqlaşdırmaqdır.

 

"APA Holding"in rəhbəri insan haqları məsələsinin heç bir dövlətin daxili işi olmadığını da qeyd edib: "Bu, Azərbaycanın olmadığı kimi, Avropa ölkələrinin, Amerikanın da daxili işi deyil. Amma maraqlı bir faktı qeyd edim ki, 2006-cı ildə İtaliyada Qış Olimpiya Oyunları, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçirilən zaman həmin insan haqları ilə məşğul olan təşkilatların bir çoxu bu ölkələri monitorinqdən çıxarıb. Görəsən niyə?"

 

Millət vəkili Asim Mollazadə Azərbaycan xalqının Avropa Oyunlarına böyük önəm verdiyini bildirib. O koalisiyanın işini də yüksək dəyərləndirib.

 

Millət vəkili Fazil Mustafa deyib ki, biz dövlətimizin maraqlarının müdafiəçisi kimi çıxış edirik. əslində biz kimisə ittiham edən tərəf deyil, öz dövlətimizin müstəqilliyini qorumaq üçün bir müqavimət addımı atırıq: "Biz onlara göstəririk ki, ölkəmizə qarşı hansısa siyasət həyata keçirməyiniz rahatlıqla mümkün olmayacaq. Bu gün bura yığışan insanların əsas hədəfi odur".

 

Politoloq Elman Nəsirov da çıxışında bildirib ki, ABŞ-ın hakimiyyətində təmsil olunanlar Azərbaycana qarşı qərəzli mövqedədir. O, Azərbaycan qarşı təzyiqlərin ölkənin müstəqil siyasət yeritməsi ilə bağlı olduğunu deyib.

 

Millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separat quruma dəstək verdiyini deyib. Millət vəkilinin sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin siyasi çəkisinin daha da artmasına şərait yaradacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv