İlk Avropa Oyunlarının uniforma və akkreditasiya kartları təqdim olundu
Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə I Avropa Oyunları üçün uniformalar və akkreditasiya kartları təqdim edilib.
APA TV-nin məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakı-2015 Azərbaycanın bu günədək ev sahibliyi etdiyi ən böyük beynəlxalq idman tədbiridir: "Avropa Oyunlarına 43 gün qalmış ilk akkreditasiyanı almağıma çox sevinirəm. Bu akkreditasiyanın və uniformaların əhəmiyyəti çox böyükdür. İşçi heyətimizin və könüllülərimizin bunlardan qürurla istifadə edəcəklərinə şübhəm yoxdur. Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək. Onlar Azərbaycanın inkişafını, dəyərlərini və qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər".
Nazir bildirib ki, Oyunlara qısa bir müddət qaldığı vaxtda Azərbaycan böyük bir yol keçib: "Bu yol öncə bizə - hazırlıq işləri üçün çalışan gənclərimizə, Avropa Oyunlarının Təşkilat Komitəsində işləyən 1000 nəfərdən artıq heyətimizə, həmçinin 17-18 minə qədər komandamızla çalışan könüllülərə böyük bir təcrübə gətirib. Bütün xalq, Azərbaycan gözəl anlar yaşayır. Həqiqətən də ölkəmizdə belə möhtəşəm, belə böyük tədbir heç vaxt keçirilməmişdi. Biz çox sevinirik ki, bu gün - Oyunlara 43 gün qalmış deyə bilərik ki, yarışa tam hazırıq".
Azad Rəhimov iyunun 12-28-də baş tutacaq Oyunlar üçün heç bir sahədə gecikmə olmadığını vurğulayıb. Qeyd edib ki, dünyanın ən yüksək standartlarına cavab verən idman qurğuları inşa olunaraq, istifadəyə verilir. Onun sözlərinə görə, Bakı-2015 ailəsinin geyinəcəyi uniformalar paytaxtımıza gələcək idmançılar, qonaqlar üçün bu layihədə nə qədər insanın çalışdığını birbaşa göstərəcək.
Saymon Kleq isə dəstəyə görə Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O, dünya səviyyəli tədbirin plana uyğun getdiyi üçün sevincini gizlətməyərək bildirib ki, uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına daha bir addım yaxınlaşdırır.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.