Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakıda birgə hərbi təlim keçəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, müdafiə naziri ölkələrimiz arasında hərbi texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən nazir xalqın işğal faktı ilə barışmayacağını bir daha vurğulayıb.
Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.