Milanda etirazlar başladı, 30 min insan küçələrə çıxır

İtaliyanın Milan şəhərində beynəlxalq “EKSPO-2015” sərgisinin başlamağına etiraz olaraq aksiyalar keçirilir.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu gün başlayan sərginin 6 ay davam edəcəyi bildirilir. Aksiyalar "No EKSPO" qrupu tərəfindən təşkil edilib. Nümayişləri tələbələr də dəstəkləyir. Onlar sərginin təşkili üçün sərf olunan yüksək büdcə xərclərinə etiraz edirlər.

 

Məlumata görə, hökumət bu sərgiyə 30 milyon avro xərcləyib. Aksiya iştirakçıları həmçinin ölkədəki korrupsiya qalmaqallarına da etiraz edirlər. Təşkilatçılar Milan küçələrinə bu gün 30 min vətəndaşın çıxacağını bəyan ediblər. Bu arada İtaliya polisi "No EKSPO" qrupuna qarşı ciddi əməliyyatlara başlayıb. Axtarışda olanlar arasında italyanlardan başqa, qitənin digər ölkələrinin vətəndaşları da var. Polis axtarışlar nəticəsində çoxlu "Molotof kokteyli" aşkarladığını iddia edir. Bu arada aksiyalarda iştirak edən 3 Almaniya vətəndaşı ölkəsinə deportasiya edilib.
 

Müəllif | Apa.Tv
Apa.tv