Moldovada baş nazir haqqında cinayət işi başlandı

Moldovada baş nazir Kirill Qaburiçə qarşı cinayət işi açılıb. APA TV-nin məlumatına görə, bunu Moldova Respublikasının daxili işlər naziri Oleq Balan deyib.

 

Onun sözlərinə görə, baş nazir təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.

 

"İndiyədək bu işə cinayət prosesi çərçivəsində baxılırdı. Lakin bu gün qərara alındı ki, 361-ci (1) maddə ilə cinayət işi açılsın", - deyə Oleq Balan bildirib. Həmin maddədə saxta sənədlərin hazırlanması, saxlanılması, satışı və ya istifadəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

 

Məlumata görə, Kirill Qaburiç 1995-ci ildə imtahanlardan keçə bilməsə də, ona Moldovanın bir neçə ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılıb. KİV-də həmçinin bildirilir ki, Rusiya Federasiyasında da ona qarşı cinayət işi açılmış, həbsinə qərar verilmişdi.

 

Xatırladaq ki, 38 yaşlı Kirill Qaburiç 2015-ci il fevralın 18-dən baş nazir vəzifəsini icra edir. Buna qədər o, "Moldcell" şirkətində, daha sonra isə "Azercell" şirkətində baş direktor vəzifəsində işləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv