Filadelfiyada da etiraz aksiyaları başladı: “Biz məhkum olduğumuz sistemə qarşı əsəbiyik”

ABŞ-ın Baltimor şəhərində polisin qaradərili vətəndaşı öldürməsindən sonra Filadelfiyada da iğtişaşlar başlayıb. APA TV-nin CNN-ə istinadən verdiyi məlumata görə, Filadelfiya meriyasının önünə toplaşan yüzlərlə sakinin sayı bir müddət sonra daha da çoxalıb. Onlar şəhərin mərkəzi meydanına - "Rittenhaus"a doğru yürüş edib və etirazlarını orada davam etdiriblər.

 

Aksiya iştirakçıları şəhərin əsas prospektlərindən birini bağlamağa cəhd ediblər. Polis buna imkan verməyib. Bu zaman kütlə asayiş keşikçilərinə özünəməxsus şəkildə etiraz edib. Onlar əllərini yuxarı qaldırıb, polisə təslim olmalarını ironiyalı şəkildə nümayiş etdiriblər: "Biz məhkum olduğumuz bu sistemə qarşı əsəbiyik. Biz ədalətli, bərabər yaşamaq hüquq istəyirik"- deyə aksiya iştirakçılarından biri deyib.

 

Daha sonra onlar Brod-Stritin mərkzində yerə oturaraq nəqliyyatın hərəkətini dayandırıblar. Burada bir neçə nəfər həbs olunub. Bu, sakinlərin növbəti etirazına səbəb olub. Onlar federal həbsxananın qarşısına gedərək məhkumlara "Siz tək deyilsiniz!" şüarları ilə səsləniblər.  Həbsxanadakı dustaqlar onların həmrəyliyinə məşəllər yandıraraq qoşulduqlarını bildiriblər. Xatırladaq ki, ötən ilin ortalarından ABŞ-da kasıb məhəllələrində polis tərəfindən öldürülən vətəndaşların qətllərinə etiraz olaraq aksiyalar intensivləşib.
 

Müəllif | Apa.Tv
Apa.tv