99 yaşlı Rokfeller ürəyini altıncı dəfə dəyişdirdi
Dünyanın ən zəngin adamlarından biri üzərində aparılan əməliyyat 6 saat davam edib və uğurla nəticələnib. APA TV-nin "World News Daily Report"a istinadən verdiyi məlumata görə, amerikalı milyarder Devid Rokfellerin ürəyi son 39 ildə 6-cı dəfə dəyişdirilib. Əməliyyatı xüsusi həkim briqadası və cərrahlar aparıb.
99 yaşlı Rokfeller əməliyyatdan bir neçə saat sonra özünü yaxşı hiss edib, hətta jurnalistlərlə zarafatlaşıb. Media nümayəndələri ilə görüşə əməliyyat bitdikdən 36 saat sonra izin verilib: "Hər dəfə mənə köçürülən yeni ürəklə sanki növbəti həyatın havasını sinəmə çəkirəm. Bu isə məni daha enerjili və həyatsevər edir" - deyə Rokfeller bildirib. Uzunömürlülüklə bağlı suala isə o, belə cavab verib: "Mənə bu sualı çox verirlər. Bu dəfə də cavabım eyni olacaq. Mən sadə yaşayıram, belə yaşamaq və həyatı sevmək lazımdır. Övladlarınızı sevin, nəvə-nəticə ilə oynamaqdan, ətrafınızdakı bütün gözəlliklərdən həzz alın. Sadiq dostlarınıza çox vaxt ayırın" - deyə 99 yaşlı milyarder əlavə edib. O, qazandığı pullardan da danışıb: Mən əldə etdiklərimi bölüşməyi də bacarmışam. Əgər paylaşmağı bacarmırsansa, zənginliyinin mənası yoxdur". Devid Rokfeller azı 200 il yaşamaq arzusunda olduğunu gizlətməyib.