BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illiyi qeyd olundu
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdə şöbə tərəfindən hazırlanaraq 3 dildə çap olunan "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabı da təqdim olunub.
Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərdən bəhs edib. Rektor bildirib ki, "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabı universitetin 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb.
Tədbirdə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, kafedra müdiri Cahangir Məmmədli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları çıxış edərək, universitet-mətbuat münasibətlərindən, şöbənin fəaliyyətindən danışıblar.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi dövlət qurumları ilə media arasında nümunəvi əməkdaşlıq nümayiş etdirənlərdəndir. Onun sözlərinə görə, BDU-nun fəaliyyəti həm də onunla seçilir ki, bütün müsbət işlərlə yanaşı, tənqidi yazılara və mənfi yüklü xəbərlərə də anlayışla yanaşılır, dərhal operativ və rəsmi mövqe nümayiş etdirilir: “Hər bir mətbuat xidməti fəaliyyəti dövründə yaxşı işini təqdim etməyə çalışır. Lakin tənqidi məqam olanda onunla bağlı qarşı tərəfin mövqeyi olmadıqda mətbuatın işi də çətinləşir və düzgün olmayan məlumatlar yer alır. Ancaq Bakı Dövlət Universiteti bütün məqamlarda öz mövqeyini nümayiş etdirir və düzgün məlumatın mediada yayımlanmasına səy göstərir. Burda xüsusilə qeyd etmək istəyirəm ki, hər bir müəssisənin, təşkilatın mətbuat xidmətinin media ilə işi onun rəhbərinin mətbuata olan münasibətindən asılıdır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da hər zaman mətbuata açıq olub, onun mediaya münasibətdə həmişə hörmətli, ziyalı mövqe nümayiş etdirib. Bu münasibət də BDU-nun Mətbuat və İnformasiya şöbəsinin işində özünü göstərib”.
Tədbirdə bir neçə KİV rəhbərinə "BDU-ya informasiya dəstəyi" və "Universitetin dostu" mükafatları verilib. Mükafat alanlar arasında “APA Holding”in prezidenti Vüsalə Mahirqızı da var. Vüsalə Mahirqızı BDU haqda obyektiv, dolğun və davamlı məlumatlar yayımlanmasına, elmin təhsilin inkişafına göstərilən xidmətlərə görə "BDU-ya informasiya dəstəyi" mükafatı ilə təltif edilib.
Təltif olunanlar arasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları da olub.
Bir qrup jurnalist isə fəaliyyət göstərdikləri KİV-də BDU haqqında yazılarına görə mükafatlandırılıb. Mükafat alanlardan biri də APA-nın əməkdaşı Könül Kamilqızıdır.