“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmləri təqdim olundu

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib ki, nazirliyin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən orijinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistan elmi dairələrinin və erməni diasporunun dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Qafqaz Albaniyasına məxsus tarixin, mədəni-maddi irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

Daha sonra “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın - virtual səyahət” 3D qrafik təsvirli filmləri nümayiş etdirilib.

 

Təqdimatdan sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, tarixə bu cür səyahəti təsvir edən belə filmlərin çəkilməsinə ciddi ehtiyac var: “Bu gün dünyanın gözü Azərbaycandadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazanandan sonra böyük faciələrlə üzləşdi, torpaqlarının 20 faizi işğal olundu, 1 milyon qaçqın və məcburi köçkünümüz oldu. Bir neçə xalqın və dinlərin təmsilçilərinin sülh şəraitində yaşadığı Azərbaycana belə bir zərbə vuruldu”.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün müstəqil dövlətimiz üçün əsas problem Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalıdır: "Artıq informasiya blokadasından çıxmışıq. Ancaq bu gün də bəzi dövlətlər ikili standartlardan çıxış edir. Biz bundan sonra elmi, ictimai dairələrdə Azərbaycan həqiqətlərinin yayılmasını gücləndirməliyik.”. 

 

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, hər iki film Azərbaycanın tarixinin, mədəniyyətinin, o cümlədən işğal olunmuş ərazilərdəki abidələrin tanıdılmasına töhfə verəcək: “Bu gün dünyada 2 min xalqın yalnız 10 faizinin dövləti var. Biz müstəqilliyimizə 24 il əvvəl qovuşmuşuq. Ancaq şimal və cənubu ayırmıram, Azərbaycanın cənubunda ilk dövlət Manna olub. Daha sonra cənubda Atropatena, şimalda Albaniya dövləti yaranıb. Albaniyaya həm də Dərbənd, Göyçə və Zəngəzur mahalı daxil idi. Qafqaz Albaniyası təxminən 1000 il mövcud olub, bu dövrdə böyük tarixi-mədəni abidələr yaradılıb”.

 

“Virtual Qarabağ” İKT Mərkəzinin növbəti məhsulu Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır.

Müəllif | Apa.Tv
Apa.tv