ABŞ-da qaradərili vətəndaşı öldürən polislər həbs oluna bilər

ABŞ-ın Baltimor şəhərində afroamerikalı vətəndaşın ölümü ilə əlaqədar polis əməkdaşları barəsində "ehtiyatsızlıqdan adam öldürmə" və digər maddələrlə cinayət işinin başlanmasına qərar verilib.

 

APA TV-nin xəbərinə görə, şəhər prokurorluğu bəyan edib ki, Freddi Qreyin saxlanılmasında iştirak etmiş altı polis zabitinə ittiham elan olunacaq. Merilend ştatının baş prokuroru Merilin Mosbi keçirdiyi mətbuat konfransında bildirib ki, polis əməkdaşlarının həbsinə order verilib. Baş prokurorun sözlərinə görə, məhkəmə-tibb ekspertizası Freddi Qreyin ölümünün qətl olduğunu təsdiqləyib. Bu isə cinayət işinin başlanmasına əsas verir. Polis əməkdaşları barəsində cinayət işinin başlanması xəbəri Baltimorda sevinclə qarşılanıb.

 

Həmkarlar təşkilatı isə prokurorluğun qərarı ilə razılaşmır. Təşkilat bəyan edib ki, polis zabitləri qaradərili gəncin ölümünə görə məsuliyyət daşımırlar və təlimata uyğun hərəkət ediblər.

 

ABŞ prezidenti Barak Obama bildirib ki, Freddi Qreyin ölümü məsələsində ədalət qalib gəlməlidir.

Müəllif | Apa.Tv
Apa.tv