Prezident İlham Əliyev: "Bu işğalın heç bir əsası yoxdur"

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı bəyan edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına əsas əngəldir: "Bu işğalın nə tarixi, nə hüquqi, nə də siyasi əsası var. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə qəbul edib. Bundan 20 il keçməsinə baxmayaraq, bu qətnamələr kağız üzərində qalıb. Beləliklə, beynəlxalq hüquq və öz torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın hüquqları pozulub”.

 

Azərbaycan prezidenti bildirib ki, erməni xalqı Böyük Vətən müharibəsində, faşizmə qarşı mübarizədə iştirak etsə də, bu gün Ermənistan hakimiyyəti faşizmə haqq qazandırmaq yolunu tutub:

 

"Faşistlərə xidmət etmiş şəxslərin qəhrəmanlaşdırılması prosesi gedir. Onların adları məlumdur. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti, bizim veteranlar dost ölkələrin rəhbərlərinə, o cümlədən Rusiya prezidentinə müraciət ünvanlamışdılar. Onlar narahatlıqlarını ifadə etmişdilər ki, Ermənistanda faşist Almaniyasının tərəfində vuruşmuş adamların adları küçələrə, meydanlara verilir. Bu, böyük narahatlıq yaradır".

 

Prezident İlham Əliyev onu da deyib ki, Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirlər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlar planlaşdırılmır. Onun sözlərinə görə, son görüşlərdə təmas xəttində gərginliyi azaltmaq barədə razılıq əldə olunsa da, Ermənistan bu razılaşmaya əməl etməyib: "Ermənistan Azərbaycanın işğal altındakı Ağdam rayonunda irimiqyaslı hərbi təlimlər həyata keçirilib. Onların məlumatına görə, təlimlərdə 47 min hərbi qulluqçu iştirak edib. Buna ehtiyac yox idi. Bu, danışıqlar prosesinin pozulmasına yönəlmiş açıq təxribatdır".

 

Prezident İlham Əliyev müsahibədə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli, Birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı sualları da cavablandırıb.

Müəllif | Apa.Tv
Apa.tv