Vəfa Quluzadə dünyasını dəyişdi

Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib. APA TV-nin məlumatına görə, onun səhhətində problem yaranıb və  Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

 

Politoloqun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra Vəfa Quluzadə palataya yerləşdirilib. Bir az sonra onun vəziyyəti qəflətən pisləşib və dünyasını dəyişib.

 

Ötən gecə Vəfa Quluzadənin cənazəsi "Əjdərbəy" məscidinə gətirilib. Cənazə namazı qılınıb. Qohumlarının bildirdiyinə görə, Vəfa Quluzadə bu gün Yasamal qəbiristanlığında, gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarının yanında dəfn ediləcək.

 

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

 

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyib. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

 

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib. 1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

 

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv