Balakən sakini bibisinin həyətində çətənə becərib

Zaqatalada kultivasiya üsulu ilə əkilmiş külli miqdarda narkotik bitki aşkarlanıb. Zaqatala rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində əməliyyat keçirib.

 

Zaqatala RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Tala kənd sakini, 1956-cı il təvəllüdlü Tənzilə Tacəddin qızı Lahıcovanın yaşadığı evin həyətyanı sahəsindəki istixanada xüsusi kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.

 

Zaqatala RPŞ əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə istixanalardan hündürlüyü 50 sm-dən 1 m-ə qədər olmaqla ümumilikdə 330 ədəd çətənə bitkisi kolu yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, narkotik tərkibli bitki hesab olunan çətənə kollarını ev sahibi Tənzilə Lahıcovanın Balakən rayonunun Hənifə kəndində yaşayan qardaşı Nəcməddin Lahıcovun oğlu Niyaməddin Lahıcov əkərək qulluq edib.

 

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv