Həzi Aslanovun və Albert Aqarunovun tankları... - XÜSUSİ REPORTAJ

 

Bura Azərbaycan Hərb Tarixi Muzeyidir. Muzeylə tanışlığa həyətdə yaradılan açıq ekspozisiyadan başladıq. Burada Sovet ordusunda xidmət edən azərbaycanlıların silahları, Azərbaycan Milli Ordusunda istifadə edilən ağır artilleriya silahları nümayiş olunur.

 

533 nömrəli tank... Bu adı eşidəndə ermənilər bir anlıq vahiməyə düşürdü. Çünki bu tankın sahibi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yüzlərlə ermənini bu tankla məhv edib. Artıq neçə illərdir ki, Milli Qəhrəmanın şərəfinə bu tank muzeydə sərgilənir.

  

Bu isə Sovet filmlərindən sevə-sevə izlədiyimiz və hər zaman qürur duyduğumuz 17 nömrəli tankdır. Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun tankı. O tank ki, alman faşizmi üzərində qələbədə bu tankın, eləcə də onun sahibi Həzi Aslanovun xidmətləri misilsizdir. Muzeyə gələn hər kəs 17 nömrəli bu tankın qarşısında baş əyərək keçirlər.

 

12 zaldan ibarət muzey yaradılan zaman 200-ə yaxın eksponat nümayiş olunub. Zaman keçdikcə muzey genişlənib, eksponatların sayı artıb. İndi muzeydə 11 mindən artıq eksponat var ki, bunlardan da 6 mini açıq şəkildə sərgilənir. 

 

Azərbaycanın hərb tarixi qədim dövlətlər olan Manna, Midiya, Atropatena, Albaniya ilə bağlı olduğundan elə ilk zalda da bu dövlətlərin rəmzləri, onlara aid qədim əşyalar, ox ucları, qədim silahlar nümayiş olunur.   

 

Muzeyin 1801-1918-ci illər zalında Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stenddə o dövrə aid əşyalar yer alıb.

 

Muzeyin ikinci mərtəbəsində isə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı 193 eksponat var.

 

Tədqiqatçı elmi işçisi Nuranə Nəcəfova deyir ki, Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin böyük portreti də muzeydə nümayiş olunur: "Cümhuriyyət dövründə əsgər və zabit heyətinin piyada və süvari geyim nümunələri əks olunur. Cümhuriyyət silah növü sayılan karabin tipli silahın nüsxəsi, Azərbaycan ordusunun Cümhuriyyət dövründə general və polkovniklərinin rəsmləri burda nümayiş olunur".    

 

İkinci Dünya müharibəsində qərargah rəisinin əyləşdiyi otağın maketi və burada cızılan döyüş planlarının eskizi əksini tapıb.

 

Heydər Əliyev və ordu quruculuğu bölməsi də maraqlı məlumatlarla zəngindir. Bu zalda 533 eksponat nümayiş olunur. Dünya şöhrətli siyasətçi, hərbçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar bu zalda qorunur.  

 

Bununla yanaşı, quru qoşun növlərinə aid eksponatlar, hərbi geyimlər, silah və texnikalar burada sərgilənir.

 

Hava hücumundan müdafiə və hərbi hava qüvvələri zalında isə 221 eksponat qorunur. Eksponatlar 1910-2010-cu illəri əhatə edir.

 

Tədqiqatçı elmi işçi Sevər Həsənova burada nümayiş olunan rəsm əsərindən bəhs edir: "Bu əsər Azərbaycan tarixində misli görünməmiş qəhrəmanlığı özündə əks etdirir. Əsər 1993-cü ildə tam mühasirədə olan Kəlbəcər rayonunun 60 min əhalisinin 701 saylı briqadanın döyüşçüləri tərəfindən soyqırımdan və əsirlikdən xilasından bəhs edir. Əsər yağlı boya ilə işlənib, müəllifi isə Əmirxan Nuardır".

 

Məlumat üçün deyək ki, Kəlbəcər döyüşlərində qəhrəmanlıq göstərən 701 saylı briqadanın o zamankı komandiri Əzizağa Qənizadə hazırda Hərb Tarixi Muzeyinin direktoru vəzifəsində çalışır.

 

Müəllif | Apa.Tv