Vəfa Quluzadə dəfn olundu

Dünən axşam saatlarında vəfat edən Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün torpağa tapşırılıb.

 

APA TV-nin məlumatına görə, mərhumun cənazəsi yaşadığı evdən götürülüb.

 

Vəfa Quluzadənin ölümü ilə əlaqədar ictimai-siyasi xadimlər öz xatirələrini və hisslərini paylaşıblar.

 

Millət vəkili Rasim Musabəyov Vəfa Quluzadənin vəfatından çox kədərləndiyini bildirib: "Çox kədərləndim. Onunla bir həftə əvvəl İsrailin Azərbaycandakı səfirliyində görüşdük. Həmişə olduğu kimi, gözümə gümrah görünürdü. Görüşdük, zarafatlaşdıq. Səhhətindən şikayət etdi. Amma ciddi bir şey olmadığını düşündüm. Ötən gün ölüm xəbərini eşidəndə çox təəssüfləndim. Millətimiz və dövlətimiz üçün böyük itkidir. Vəfa müəllim hər zaman - vəzifədə olanda da, vəzifədən gedəndə də dövlətinə və millətinə xidmət edən bir şəxs olub. Düşünürəm ki, belə də yaddaşımızda qalacaq".

 

Politoloq Fikrət Sadıqov mərhumun həmişə fərqli mövqeyi ilə seçildiyini vurğulayıb: "Çox böyük bir itkidir. Gözəl insan və yüksək səviyyəli peşəkar idi. Onun keçmiş diplomatiya fəaliyyəti bir çox cavanlara örnək oldu. Onun bütün aktual məsələlərə öz yanaşması var idi. Heyf, çox tez itirdik. Allah rəhmət eləsin!"

 

Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Vəfa Quluzadənin ölümünü böyük itki adlandırıb: "Allah Vəfa müəllimə rəhmət eləsin! Düşünürəm ki, Azərbaycanın böyük kişilərindən biri də bizi tərk elədi. Vəfa müəllimi həm jurnalist ki, həm də bir insan kimi tanımışam. Bizim üçün dir. Gözəl politoloq idi, siyasətin gözəl araşdırmaçısı və bilicisi idi. Əlimyandıda olanda həmişə ona müraciət etmişik. Bilirdik ki, bizə ətraflı cavab verəcək".

 

Qeyd edək ki, Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb. 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib. 1990-cı ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub. O, Dağlıq Qarabağdakı münaqişənin həlli üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

 

Xatırladaq ki, Vəfa Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib. Bu gün isə mərhum Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv