APA TV-nin komandası atıcılıq turnirinin qalibi oldu

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirib.

 

APA TV-nin xəbərinə görə, 21 komandanın qatıldığı yarış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin I müavini, general-mayor Zaur Abdullayev deyib ki, jurnalistlər hər zaman hərbçilərin yanında olub və hərbi vətənpərvərliyin aşılanmasında mühüm rol oynayırlar. Bu yarışın keçirilməsində məqsəd isə media nümayəndələrinin silaha sarılaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak edə biləcəklərini göstərməkdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlər arasında da şəhid olanların olduğunu deyən general-mayor hərbçilərlə jurnalistlərin çəkdiyi əziyyət arasında heç bir fərq olmadığını vurğulayıb.

 

Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib. Yarışlar başlamazdan əvvəl iştirakçılar təhlükəsizlik qaydaları ilə tanış olublar. İştirakçıların bəziləri atdıqları silahda nasazlıq olduğunu iddia ediblər. Ona görə də onlara ikinci dəfə atəş açmaq imkanı yaradıblar.

 

Ən çox xal toplayan 7 komanda final mərhələsində yarışıb. Yarışın nəticəsinə görə, I yeri “Hərbi And” qəzeti, II yeri “Trend” informasiya agentliyi tutub. Komandalar arasında III yeri tutan APA TV televiziyalar arasında ilk yerdə qərarlaşıb.

 

Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Müəllif | Apa.Tv