Yük maşınının altında qalan sürücü öldü

Bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən müəssisədə vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

APA TV-nin xəbərinə görə, dərhal adı çəkilən ünvana yollanan xilasedicilər hadisə yerinə baxış keçirərkən məlum olub ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat müəssisəsində 1979-cu il təvəllüdlü sürücü Yaşar Nizami oğlu Vəliyev "MAN" markalı maşınını təmir etmək məqsədilə yük platformasına qaldırıb. Bu zaman yük platforması aşıb, sürücü yük platforması ilə avtomobilin şassini arasında qalaraq xəsarətlər alıb və dünyasını dəyişib.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək, sürücünün meyitini çıxarıb aidiyyəti qurumlara təhvil veriblər.

Müəllif | Apa.Tv
Apa.tv