Qərb bölgəsinə yağan leysan fəsadlar yaradıb

Ötən gecə qərb bölgəsinə yağan güclü leysan xarakterli yağış bəzi rayonlar üçün fəsadlar yaradıb.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, leysan əsasən Samux rayonun Kür ətrafında yerləşən 8 kəndində fəsadlar yaradıb.

 

Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poyluda kəndlərində leysan yollarda gediş gəlişə maneə yaradıb. Bəzi ərazilərdə hətta elektrik dirəklərini də sıradan çıxarıb. Gürcüstanla sərhəddə olan aşağı Eldar adlanan ərazidə yerləşən Bozdağ istiqamətindən gələn leysan kəndlərdə əkin sahələrini basıb və fərdi həyətlərə dolub. Sel nəticəsində 10-a yaxın iri və xırda buynuzlu mal qara tələf olub.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Qarayevin APA TV-yə verdiyi məlumata görə, güclü yağış mayın 2-də axşam saat 23-dən başlayıb və səhərə kimi davam edib. Mayın 3-ü səhər saatlarından başlayaraq sel gələn əraziyə 20-yə yaxın texnika cəlb edilib və selin yaratdığı fəsadların aradan qaldırılmasına başlanıb.

 

Tahir Qarayev aidiyyəti qurumların leysan olan bölgədə çalışdığını və ziyanın aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli