Lənkəranda Qələbənin 70 illiyinə həsr olunmuş festival keçirilib

Lənkəranda Gənclər və İdman Nazirliyi və  Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş "Tarixin canlı səhifələri" adlı III   Gənclər Festifalı keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkə səfirləri, rayon ictimaiyyətinin  nümayəndələri, eləcə də Böyük Vətən Müharibəsi veteranları və tələbələr iştirak ediblər.

 

Mərasimdən əvvəl iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan parkda möhtəşəm abidə kompleksinin önünə, əklil, dəfnə budaqlarından hazırlanmış çələng və gül dəstələri düzülüb.

 

Qonaqlar həmçinin Həzi Aslanovun ev-muzeyinə də baş çəkərək, qəhrəman sərkərdənin ömür və döyüş yolunu əks etdirən eksponatlarla tanış olublar.

 

Tədbirdə iştirak edən xarici ölkə səfirlərinə muzeyin xatirə hədiyyələri təqdim olunub.

 

Milli Məclis spikerinin birinci müavini Ziyafət Əsgərov, millət vəkili Hadı Rəcəbli və digərləri qəhrəmanla bağlı ürək sözlərini dilə gətiriblər.

 

Tədbirin sonunda teatrlaşdırılmış səhnələr nümayiş olunub.

 

Müəllif | Apa.Tv