Avropa Oyunlarının məşəli cənub bölgəsinə səfəri başa vurdu
Birinci Avropa Oyunlarının məşəli mayın 4-də Biləsuvar rayonundan Cəlilabada gətirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad şəhərinin Qala qapısında Olimpiya məşəlinin qarşılanma mərasimi olub.
Boks üzrə yeniyetmələr arasında Dünya birinciliyinin gümüş mükafatçısı İsmayıl Hüseynov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Estafeti 10 cəlilabadlı idmançı davam etdirib. 4 kilometrlik məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə yürüş ediblər. Yürüşə sonuncu qoşulan futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov məşəli Heydər Əliyev Parkında qurulmuş səhnəyə qaldıraraq alovlandırıb.
Cəlilabad rus icmasının rəhbəri Lyubov Danilova sevincinin həddi-hüdudu olmadığını bildirib: "Birinci Avropa Oyunlarının keçirilməsi məhz bizim çoxmillətli respublikamıza nəsib olub. Bununla biz qürur hissi keçiririk".
Rayon sakini Habil İsmayılov inanır ki, idmançılarımız bu yarışda özünü doğruladacaq, qələbələr qazanacaq: "Arzu edirəm bizim məşqçilər, idmançılar qalib gəlib, üzümüzü ağ eləsinlər".
Rayon sakini Böyükxan Bağırov Alov festivalının möhtəşəm baş tutmasından qürur duyduğunu gizlətməyib: "Bu gün Cəlilabadda bayramdır. Bir ziyalı kimi mən qürur duyuram".
Boks üzrə Dünya birinciliyinin gümüş mükafatçısı İsmayıl Hüseynov da onun kimi düşünür: "Qürur hissi keçirdim. Hələ belə anlar yaşamamışdım. Gələcəkdə, inşallah, özüm olimpiadada iştirak edəcəyəm".
Səhnədə ifa olunan Alov şousu da festival iştirakçıları tərəfindən coşğu ilə qarşılanıb. Alov festivalı atəşfəşanlıqla başa çatıb.