İran: "ABŞ öz gəmilərinin təhlükəsizliyi ilə Yəmən sahillərində məşğul olsun"

"Fars körfəzi və Hörmüz boğazı dəniz nəqliyyatı üçün açıqdır. Ona görə də ABŞ öz gəmilərinin təhlükəsizliyinin qayğısı ilə bu ərazidə yox, Yəmən sahilləri yaxınlığındakı Ədən körfəzindəki Bab-əl-Məndab boğazında məşğul olsun".

 

APA TV-nin məlumatına görə, bu açıqlamanı İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həbibulla Səyyari verib: "Fars körfəzi rayonu və Hörmüz boğazında keçirilən monitorinqlərlə və İranın ciddi nəzarəti sayəsində bu sularda heç bir təhlükə mövcud deyil. ABŞ-ın bununla bağlı bir əndişəsi olmasın. Amma Ədən körfəzindəki Bab-əl-Məndab boğazı suları barəsində bunu deyə bilmərik. Amerikalılar gəmilərinin təhlükəsizliyi ilə orada məşğul olsunlar" - deyə Səyyari əlavə edib.

 

Kontr-admiral onu da qeyd edib ki, İran bundan sonra da bölgə sularında hərbi təlimlərini davam etdirəcək və bunda əsas məqsəd də regionda təhlükəsizliyin təmin olunması üçün hərbçiləri peşəkar səviyyəsinin artırılmasıdır.


Bir həftə əvvəl Marşal adaları bayrağı altında üzən ticarət gəmisinin İran tərəfindən saxlanılmasından və Bəndər-Abbas limanına aparılmasından sonra Pentaqon Amerika hərbi gəmilərinin təhlükəsizlik baxımından bölgəyə göndərilməsini qərara alıb.

 

Xatırladaq ki, Hörmüz boğazı beynəlxalq ticarət üçün strateji ərazidir. Bu bölgədən dünyanın üçdə bir hissəsini təmin edən neft və neft məhsulları danışır. Hazırda həmin sularda ABŞ gəmiləri yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv