Almaniyada dəmiryolçular bir həftəlik tətilə başladı - BÖHRAN
Almaniyanın dəmiryolu işçiləri bu gündən 6 günlük tətillərə başlayır. APA TV-nin məlumatına görə, bu barədə ölkənin Maşinistlər Birliyi Həmkarlar Təşkilatının rəhbəri Klaus Vezelski yerli telekanalların birində canlı yayımda bəyan edib. Tətilə səbəb Deutsche Bahn konserni ilə yeni tarif səbətləri barədə təkliflərə dair aparılan danışıqların nəticəsiz qalmasıdır. Artıq bütün ölkədə yük qatarlarının hərəkəti dayandırılıb. Sabahdan tətilə sərnişin qatarlarının da qoşulacağı gözlənilir. Tətillər şənbə gününə qədər davam edəcək.
Həmkarlar Təşkilatı məvacibin 5 faiz artırılmasını və iş vaxtının 1 saat azaldılmasını tələb edir. Deutsche Bahn isə maaş artımını bir neçə mərhələdə həyata keçirə biləcəyini deyir. Klaus Vezelski isə sözügedən mərhələlərin də nəticəsini gözlədiklərini bildirib. O əlavə edib ki, həmin təklif fevraldan bu tərəfə heç bir effekt verməyib. Başlanan tətil Almaniya Nəqliyyat Nazirliyi tərəfindən tənqid olunub. Nazir Aleksander Dombrindt bəyan edib ki, onlar işçilərin keçirdiyi hissləri anlayırlar. Vitse-kansler və iqtisadiyyat Ziqmar Qabriel isə tərəfləri ciddi danışıqlara dəvət edib. O, tətillərin ölkə iqtisadiyyatına ağır təsir edəcəyini açıqlayıb. Xatırladaq ki, nəqliyyat işçilərinin keçirdiyi iki günlük aksiyalar ölkəyə 100 milyonlarla avro ziyan vurub.