Bu il ali məktəblərə 87 932 abituriyent sənəd verib

Sabahdan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayır.

 

APA TV-nin xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

Komissiya sədri bildirib ki, artıq 1-ci və 4-cü qrup üzrə sənəd qəbulu başa çatıb: "Ancaq  yeni təşkil olunan 5-ci qrup üzrə sənəd qəbulu mayın 5-dən başlayacaq. Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün I- IV ixtisas qrupları üzrə 87 932 nəfər abituriyent sənəd verib. Onlardan 54 475-i bu ilin, 33 457 nəfər əvvəlki illərin məzunlarıdır".

 

M.Abbaszadə qeyd edib ki,  əvvəlki illərin məzunlarının attestatlarının olub-olmaması barədə TQDK-da məlumat yoxdur: “Onlar da hərbi xidmətə çağırış məsələlərinə görə Sənəd Qəbulu Komissiyalarına müraciət ediblər. Lakin bu il bu sahədə yenilik edilib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron baza yaradılıb və TQDK da bu bazaya inteqrasiya olunub".

 

TQDK sədri əlavə edib ki, V qrupda cari ilin məzunları buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanının nəticəsi əsasında müsabiqəyə buraxılırlar. Beləliklə, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, V qrupa da ərizə vermək hüququ var. Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq: “Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.

 

Məleykə Abbaszadə bildirib ki, bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura pillələri üzrə qəbul planı Azərbaycan prezidenti yanında Təhsil Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunub. Qəbul planının ötən illərdə dolma səviyyəsi və ixtisaslara olan maraq nəzərə alınıb. Magistratura pilləsi üzrə 20 yerin AMEA-ya verilməsi qüvvədə qalıb. Bakalavr pilləsi üzrə qəbul planı üzərində iş aparılır. Bu yaxınlarda keçən ilki planla müqayisəli təklif təqdim ediləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müxtəlif bölgələrdə yerləşən regional bölmələrinin - Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar Sənəd Qəbulu Komissiyaları fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar Komissiyada təsdiq etdirə biləcəklər. Səyyar Sənəd Qəbulu Komissiyaları ümumilikdə mayın 5-dən 18-dək fəaliyyət göstərəcək. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova