Vurğun Əyyub Müsavatdan xaric edildi

Müsavat Partiyasının qurucularından Vurğun Əyyub partiya sıralarından xaric edilib. APA TV-nin məlumatına görə, qeydiyyatda olduğu partiya özəyi üzvlük haqqını ödəmədiyi və iclaslara qatılmadığı üçün Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib.

 

Məsələyə münasibət bildirən Vurğun Əyyub qərarın Müsavat Partiyasının Nizamnamə tələblərindən kənar olduğunu bildirib. Sabiq müsavatçının sözlərinə görə, bu qərar ondan intiqam və qisas almaq cəhdidir. Arif Hacılının ətrafında olanların təhqiramiz fikirlərinə məruz qaldığını deyən Vurğun Əyyub bildirib ki, partiya rəhbərliyi bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmaz.

 

Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq professor Adil Qeybulla bəyanat yayaraq partiyadan istefa verib. O qeyd edib ki, qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup avtoritar və aqressiv davranış nümayiş etdirir.

 

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində məsələyə münasibət bildirib. O qeyd edib ki, hazırkı idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv