Prezident İlham Əliyev: "Azərbaycanın müasir, tolerant ölkə kimi inkişafına sadiqik”

Bu gün Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

 

Açılış sessiyasında çıxış edən prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsindən məmnun olduğunu bildirib, Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da uğurlu olacağına əminliyini ifadə edib. O, Azərbaycanın əsrlər boyu multikulturalizm dəyərlərinin hökm sürdüyü bir məkan olduğunu deyib. “Biz tariximizlə, ənənələrimizlə fəxr edirik. Biz Azərbaycanın müasir, tolerant ölkə kimi inkişafına sadiqik”, - deyən prezident İlham Əliyev Azərbaycanın dünyada müasir meyllərin inkişafında maraqlı olduğunu vurğulayıb.

 

“Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün azadlıqlar təmin edilib”, - deyən dövlət başçısı indi əhalinin 75 faizinin azad internetdən yararlandığını diqqətə çatdırıb. Ötən əsrin əvvəlində olduğu kimi, indi də ölkəmizin yenidən dünyada neft ölkəsi kimi tanındığını deyən prezident İlham Əliyev təbii ehtiyatlarımızın Azərbaycanın daha da inkişafına xidmət etdiyini vurğulayıb.

 

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, nəticədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, xalqımız etnik təmizləmə siyasətinə məruz qalıb.

 

Prezident İlham Əliyev ölkəmizin əsas hədəflərindən biri kimi davamlı və inkişaf edən iqtisadiyyatın yaradılmasını göstərib və bu sırada enerji amilinin mühüm yer tutduğunu vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin aparıldığını, onun neft və qaz amilindən asılılığının azaldılması ilə bağlı tədbirlərin görüldüyünü, qeyri-neft sektorunun inkişaf etdirildiyini diqqətə çatdıran Azərbaycan prezidenti ölkəmizdə xarici sərmayələr üçün də əlverişli şəraitin yaradıldığını bildirib.

 

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao 15 ildir rəhbərlik etdiyi qurumla səmərəli əməkdaşlıq edən Azərbaycan hökumətinə və prezident İlham Əliyevə bu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

 

Sonra ölkəmizin tarixini, mədəniyyətini, malik olduğumuz zəngin dəyərləri özündə ək etdirən maraqlı kompozisiya təqdim olunub.

 

Sonda Prezident İlham Əliyevin adından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçılarının şərəfinə ziyafət verilib.

Müəllif | Apa.Tv
Apa.tv