Erməni kəşfiyyatçı məhkəmədə son söz dedi: “Qarabağ Azərbaycana qaytarılmalıdır”

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində günün ikinci yarısında davam etdirilib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Arsen Baqdasaryanın vəkil Ramiz Abdullayev çıxış edib.

 

Vəkil deyib ki, A.Baqdasaryanın silah gəzdirməsi barədə sırf onun özünün etiraf olub, cinayət işində bu barədə sübut yoxdur. O, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən ittihamlarla razılaşdığını da bildirib.

 

Daha sonra Arsen Baqdasaryan prosesdə son söz deyib. O, Azərbaycanla 20 il əvvəl olduğu kimi, sülh şəraitində yaşamaq istədiyini vurğulayıb. A.Baqdasaryan bildirib ki, bunun üçün Qarabağ qaytarılmalıdır, başqa cür sülh şəraitində yaşamaq mümkün deyil.

 

O, həmçinin Ermənistanın hamını aldatdığını da açıqlayıb: “Bizi Azərbaycana nifrət hissi ilə böyüdüblər. Lakin burada nifrət dolu nəsə görmədim. Azərbaycanlılar istəsəydilər, məni öldürə bilərdilər. Ancaq mənə heç bir işgəncə vermədilər”.

 

A.Baqdasaryan daha sonra ona polkovnik tərəfindən tapşırıq verildiyini bildirib: “Mənə dedi ki, get minaları basdır. Basdırmayacağım halda mənə qarşı cinayət işi açılacağını, hərbçi kimi vəzifəmi yerinə yetirməyə borclu olduğunu bildirdi. Mən bura keçəndən sonra isə barəmdə internetdə yanlış məlumatlar yaydılar ki, guya orda mənim haqqımda cinayət işi olub, vətən xaini olmuşam. Bunlar hamısı yalandır”.

 

A.Baqdasaryan səhvini anladığını deyib, məhkəmədən ona minimum cəza təyin etməsini xahiş edib.

 

Proses sabah davam etdiriləcək. Prosesdə hökm oxunacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv