“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib

Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

 

Fonddan APA TV-yə verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.

 

Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

 

Filmin nümayişindən əvvəl Arzu Əliyeva çıxış edib: "Bu il bütün dünya faşizm üzərində Qələbənin 70 illik yubileyini qeyd edir. Bu tarixi hadisə münasibətilə Azərbaycanın bütün müharibə veteranlarını təbrik edirəm. Azərbaycan bu qələbəyə böyük töhfələr verib. Xalqımız cəbhəyə 700 minə yaxın oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Bir çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif edilib. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi Azərbaycanın payına düşüb. Qələbənin təmin olunmasında böyük rol oynamış tank və təyyarələr Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkət edirdi. Azərbaycan xalqının bu müharibədə göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq".

 

Layihənin prodüseri Lui Vodevilin çıxışından sonra film nümayiş olunub.

 

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

 

Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb. Bu şirkətin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini - “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.

 

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir. Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

 

Film mayın 8, 9 və 10-da “National Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə nümayiş etdiriləcək. Filmi 50 milyondan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv