Moskvadakı Qələbə paradının ikinci məşqi keçirilib

Mayın 9-u Moskvanın Qızıl meydanındakı Qələbə paradında 16 500-dən çox hərbçi, 193 hərbi texnika, 143 helikopter və təyyarə iştirak edəcək.

 

APA TV-nin xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ötən gecə "Qızıl meydan"da paradın ikinci məşqi keçirilib. Hərbi texnika Leninqrad şosesi və Tver küçəsi ilə hərəkət edərək, meydana daxil olub. Məşqdə 15 mindən artıq hərbçi və onlarla müasir zirehli texnika iştirak edib.

 

Məşqə MDB ölkələri və digər dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan, Serbiya və Çinin parad dəstələri də qatılıblar. Moskva üzərində aviasiya uçuşu olmayıb.

 

Ənənəvi olaraq faşizm üzərində qələbənin yubiley mərasimlərinə əksər ölkələrin liderləri dəvət edilir. Qələbənin 70 illik yubileyinə 68 ölkə lideri, o cümlədən UNESCO, BMT, Avropa Birliyi və Avropa Şurasının rəhbərləri dəvət olunub. İndiyədək onların 25-dən çoxu paradda iştirak edəcəyini təsdiqləyib. BMT-nin baş katibi Pan Gi Munun da mayın 9-da Moskvaya səfər edəcəyi dəqiqləşib.

 

Qızıl meydandakı yubiley paradının bayramın tarixində ən böyük və irimiqyaslılardan biri olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv