Güləşçilərimizin Avropa Oyunlarında medal iddiaları - XÜSUSİ REPORTAJ

Bir aydan sonra ölkəmiz önəmli idman yarışlarına ev sahibliyi edəcək. Bakıda keçiriləcək Birinci Avropa Oyunları zaman 6 mindən çox idmançı 20 idman növündə yarışacaq. Oyunlarda iştirak edəcək idmançılarımızın hər biri ilk dəfə keçiriləcək bu yarışda adlarını tarixə yazmaq istəyir. Ölkəmizə ən çox medal gətirənlərdən olan  güləşçilərimiz  onlara edilən ümidləri bir daha doğrultmağa çalışırlar.

 

Bu dəfə Yunan-Roma güləşi üzrə yığma komandamızın məşqini izlədik. Ötən ay qarşıdan gələn yarışlara hazırlıq məqsədilə İran yığma komandası ilə təlim-məşq toplanışları keçirən pəhləvanlarımızın məşqləri uğurla başa vurması Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını bir daha göstərmiş oldu.

 

Milli komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi məşqlərin olduqca çətin və gərgin keçdiyini deyir. Ancaq deyir ki, Dünya Kubokunda aldıqları nəticəni Avropa Oyunlarında da əldə edəcəklərinə inanır: "Yaxşı komandalar gəlir. Hamısı ən güclülərini göndərəcəklər. Rusiya, Türkiyə, Macarıstandan güclü idmançılar gələcək. Ancaq bizim şansımız çoxdur. Doğma arena, sadiq azarkeşlər. Biz sizi sevindirəcəyik".

 

Avropa və Dünya çempionu, Dünya Kubokunun qalibi Həsən Əliyev də oyunlara ciddi hazırlaşır. Pəhləvanımız bildirib ki, məşqləri həm komanda, həm də fərdi şəkildə edir: "Demək olar ki, məşqlərimiz hər gün olur. Həftəarası, ola bilsin, bir dəfə istirahət olur. Elə olur, gündə iki dəfə, bəzən 3 dəfə məşqimiz olur".

 

Medalları arasında tək Olimpiya medalının çatmadığını deyən Həsən Əliyev yarışların doğma arenada keçirilməsinin onlar üçün həm də bir şans olduğunu hesab edir: "Doğma arenada keçirildiyi üçün çox rahatam. Azarkeşlərin də dəstəyi önəmlidir. Bu yarışın keçirilməsini Azərbaycanın dünya dövlətləri arasında bir daha öz sözünü deyən ölkə olduğunu göstərir. Yarışların burada keçirilməsi həm də bizim üçün bir köməkdir. Çalışacağıq ki, bu köməyi dəyərləndirək".

 

Qeyd edək ki, güləşçilərimiz həm də erməniləri dəfələrlə məğlub edərək Azərbaycan bayrağını zirvələrə qaldırıblar.

 

O, erməni rəqibini 23 saniyəyə məğlub edərək, qələbəsini əsgər kimi qeyd etmişdi. İndi Rəsul Çunayev Avropa Oyunlarına hazırlaşır. Görəsən, o, bizi sevindirə biləcəkmi ?

 

"Avropa Oyunlarında Azərbaycan xalqı əsas medalları güləşçilərimizdən gözləyir. Biz də çalışırıq ki, millətimizi öz vətənimizdə qızıl medalla sevindirək" - deyə Rəsul Çunayev bildirir.

 

Hər dəfə qələbəsini müxtəlif formalarda göstərən Rəsul deyir ki, ermənilərə qalib gəlməsi artıq adət halını alıb. Pəhləvanımız 23 saniyəlik qələbəsini təkrarlamaq üçün əlindən gələni əsirgəmir: "Məşqlər çətin olmasa, bunun nəticəsi olmaz. Müxtəlif proqramlara uyğun məşqlər keçirik. Rəqibləri hələ bilmirik. Amma idmançıların kim olması önəmli deyil. Gələn hər kəs bizim üçün rəqibdir".

 

Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançıların adları hələlik bəlli deyil. Keçirilən məşqlər onların arasında ən güclünü seçmək və medalları öz ölkəmizdə saxlamaq məqsədi daşıyır.

 

Məşqçi Akif Əliyev deyir ki, idmançılarımız arasında bu yarışa münasibətdə ciddi məsuliyyət var: "8 çəki dərəcəsində bu yarışda iştirak olacaq. Federasiya tərəfindən idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb. Mən fikirləşirəm ki, yarışda iştirak xalqımızın qarşısında olacaq. Nəticə vermək lazımdır".

 

Təsadüfi deyil ki, bu il Azərbaycan yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi oldu. Yüksək nəticə ilə qalib gələn komandamız yunan-Roma güləşi tarixində ilk dəfə Dünya Kubokunun sahibi oldu. Bayrağımızı hər zaman göylərdə dalğalandıran güləşçilərimizdən yeni qələbələr gözləyirik.

Müəllif | Apa.Tv