Berlin supermarketlərində banan qutularından kokain tapıldı

Almaniya paytaxtında qəribə hadisə baş verib. APA TV-nin "Süddeutsche Zeitung"a istinadən verdiyi məlumata görə, Berlin supermarketlərində banan qutularından kokain tapılıb.

 

Polis dərhal məsələyə qarışıb və paytaxt supermarketlərindən təxminən 400 kiloqram narkotik maddə toplanıb. "Aldi" şirkətinə məxsus ticarət mərkəzindən bildirilib ki, külli miqdarda kokain mağazalara meyvə gətirən yük maşınlarından tapılıb. Banan isə Kolumbiyadan idxal olunub. Mağazalardan toplanan külli miqdarda kokainin qiyməti qara bazarda təxminən 15 milyon avrodur. Yerli hüquq-mühafizə orqanları bu vaxta qədər Almaniya paytaxtında aşkarlanan rekord miqdarda narkotik maddə dolu yükün kimə və yaxud hansı şirkətə məxsus olduğunu araşdırır.

 

Xatırladaq ki, bundan öncə də Berlində analoji hadisə yaşanıb. 2014-cü ildə paytaxt marketlərində boşaldılan banan qutularından 140 kiloqram narkotik maddə aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv