“Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, müsabiqənin təşkilatçıları Təhsil, Rabitə və Yüksək Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu, YAP, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olub.

 

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur. 1-4-cü yerləri tutan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda çap edilib.

 

YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. Əli Əhmədov qeyd edib ki, hər il müsabiqə iştirakçılarının sayının artması müsabiqədə iştirak edən gənclərin istedad və bacarıqlarının getdikcə genişlənməsinin göstəricisidir.

 

Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyevanın salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb, qaliblərin hər birini təbrik edib.

 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, müsabiqənin qaliblərini təbrik edib. Onun sözlərinə görə, hər bir şəxs fəaliyyət göstərdiyi sahədə Azərbaycanın inkişafına xidmət göstərməlidir.

 

Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

 

 

Müəllif | Apa.Tv