Təhsil naziri: "Bəzi təhsil şöbələrində müəllim vakansiyaları gizlədilir"

“2015-ci ildən Azərbaycan təhsil sistemində bir sıra yeniliklərə başlanacaq. Bunlardan biri də bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiq edilməsidir”. APA TV-nin məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib. Onun sözlərinə görə, yeni layihə ilkin olaraq onlarla Azərbaycan məktəbində tətbiq ediləcək: “Bu il başa çatan, lakin gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə üstünlük veriləcək".

 

Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları aşkarlanır deyən nazir bildirib ki, bu hallar barədə  ictimaiyyətə və aidiyyatı dövlət orqanlarına məlumatlar daima çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək: "Bu tədris ilində məktəb direktoru  və direktoru olmaq arzusunda olan kadrlar üçün təlim kursları təşkil edilib, bir sıra direktorlar artıq məktəblərdə fəaliyyət göstərir. Yeni tədris ilində onlarla belə kursdan keçmiş direktorların yeni  təyinatı gözlənilir".

 

Nazir onu da bildirib ki, növbəti tədris ilində Azərbaycanın bəzi məktəblərində həyata keçiriləcək təmayülləşmə IX-XI sinifləri əhatə edəcək.

 

Müəllif | Apa.Tv