Asəf Hacıyev: “Ermənistanın Bakıda keçirilən iclasla bağlı əlavə təminat istəməsi növbəti oyundur”

“Adətən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası komissiyalarının iclasında 6-8 ölkə iştirak edir. Assambleyanın Hüquqi və Siyasi Məsələlər Komissiyasının Bakıda keçirilən 45-ci iclasında 11 ölkənin iştirak edəcəyini planlaşdırmışdıq. Son məqamda Moldova nümayəndə heyətinin başçısı şəxsi məsələyə görə gələ bilmədi, mənə zəng edərək dəstəyini bildirdi. İclasda 10 ölkə iştirak edir. Ermənistan isə hər dəfə olduğu kimi, yenə qeyri-konstruktiv mövqe ortaya qoydu, iclaslarda iştirak etməmək üçün müxtəlif məzmunlu məktublar yazırlar”.

 

APA TV-nin məlumatına görə bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib.

 

"Azərbaycan QDİƏT PA-nın Bakıda keçirilən iclasları ilə bağlı Ermənistan tərəfinə lazımi təminatlar verib və verir. Ona görə də Bakıda keçirilən iclasla bağlı Ermənistan tərəfinin məktub yazması, əlavə təminat istəməsi növbəti bir oyundur. Bir neçə il əvvəl Bakıda assambleyanın Baş Məclisinin iclası oldu və Ermənistana beynəlxalq katiblik tərəfindən dəvət göndərildi. Əvvəlcə Ermənistan tərəfi dedi ki, dəvət göndərilməyib, ancaq baş katib təsdiq etdi ki, göndərilib. Sonra dedilər ki, dəvət gəlib, dəvəti itirmişik. Artıq parlament səviyyəsində rəsmi sənəd itirilirsə, bu, parlamentin qeyri-ciddiliyindən xəbər verir. İclaslarda iştirak etmək hər ölkənin öz işidir, təşkilat fəaliyyətini davam etdirir”.  

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusunun artırılacağını deyən Asəf Hacıyev bildirb ki, məsələ ilə bağlı təkliflər quruma göndəriləcək. Daha sonra bu tövsiyələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 12 ölkənin parlamentlərinə göndəriləcək.

 

Asəf Hacıyev QDİƏT PA-nın statusunun artırılmasına dair quruma üzv 6 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüş keçirdiyini bildirib: “Görüşlərdə bu təklifə böyük dəstək gəldi”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı