Olland Yəmənin devrilmiş prezidenti ilə görüşdü

BMT Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini Səna beynəlxalq aeroportunun və Yəmənin digər hava limanlarına bombalanmasını dərhal dayandırmağa çağırıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, sonuncu hava zərbələri nəticəsində paytaxt Səna aeroportunun uçuş-enmə zolağı demək olar ki, sıradan çıxıb. Bombalardan biri isə bölgəyə humanitar yardım gətirən "İlyuşin" yük təyyarəsinə ciddi xəsarət yetirib.

 

Ər-Riyaddan cavab olaraq bildirilib ki, Yəmənin ən çox zərər görən bölgələrinə humanitar yardımın çatdırılması üçün fasilə yarana bilər. Bundan bir müddət öncə BMT tərəfindən qeyd olunmuşdu ki, ölkədə yanacaq çatışmazlığından humanitar yardımın gətirilməsinə son verilə bilər.

 

Yəmənin cənubunda - Ədən şəhərinin hava limanı uğrunda isə döyüşlər şiddətlənib. Hakimiyyət qüvvələri çətinliklə də olsa, üsyançı şiə-husi birliklərinin qarşısını ala biliblər. Döyüşlər Əl-Huat və Laudar şəhərləri ətrafında da davam edir. Bu arada Ər-Riyadda səfərdə olan Fransa prezidenti Fransua Olland Yəmənin devrilmiş prezidenti Əbd Rəbbo Mansur Hadi ilə görüşüb. Görüş zamanı Hadi Yəməndə baş verənlərlə bağlı mayın 17-də konfrans keçirilməsi təklifini irəli sürüb.

 

Bu arada Səudiyyə Ərəbistanı Yəmənə quru qoşunları yeritməsi faktını təkzib edib. Afrika ölkəsi Seneqal isə "ərəb koalisiyası"nın tərkibində adı çəkilən ölkəyə 2 min hərbçi yola saldığını açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv