İçərişəhər və Qala qoruqlarında bələdçilərin sayı artırılıb

"İçərişəhər və Qala qoruqlarına gələn qonaqlar üçün bələdçi xidmətləri tam hazırdır. Artıq bələdçilərin sayı da artırılıb". Bunu Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev APA TV-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, İdarə Bakıda keçiriləcək Avropa oyunları zamanı bütün qonaqları tam qəbul etməyə hazırdır. Gələn qonaqların sayının çox olacağı nəzərə alınaraq, bu prosesə könüllülərin də cəlb olunması vacibdir: "Könüllülərin xarici dil bilməsi, tariximiz, İçərişəhər haqqında məlumatlara sahib olması vacibdir. Məhz bu məqsədlə hazırda onlar üçün kurslar təşkil olunub. İçərişəhərin ərazisində audio-bələdçilər də fəaliyyət göstərir. Onların sayı artırılıb”.

 

Avropa Oyunları zamanı muzeylərin iş saatlarının artırılacağını deyən Samir Nuriyev qeyd edib ki, ilkin plana əsasən, muzeylər axşam saat 9-10-a kimi fəaliyyət göstərəcək: “İçərişəhərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin idarəediciləri ilə də görüşlər keçirilib. Bu gün tam əminliklə deyə bilərik ki, həmin qonaqların qəbul edilməsi, İçərişəhər haqqında dolğun məlumatın verilməsi üçün tam hazırıq. Avropa Oyunlarının şahidi, iştirakçısı olmaq üçün Bakıya çoxlu sayda idmançı, onların azarkeşi, KİV nümayəndəsi təşrif buyuracaq. Onlar Oyunlar çərçivəsində Bakı, qədim tarix və zəngin mədəniyyət haqqında məlumat alma imkanı əldə edəcəklər”.

 

Avropa Oyunları ilə bağlı İçərişəhərdə və Qala qoruqlarında bir sıra tədbirlər keçiriləcəyini deyən İdarə rəisi bildirib ki, bu çərçivədə iyunun 11-dən 14-dək İçərişəhərdə VI Qız qalası festivalı təşkil olunacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən festivala dünyanın bir çox ölkəsindən rəssamlar dəvət edilib. Onlar Qız qalasının qarşısında qalanın maketlərini bəzəyəcək və həmin maketlər həm Bakıda, həm də dünyanın bir çox ölkəsində nümayiş olunacaq.

 

Müəllif | Apa.Tv